Məzuniyyətə çıxacağın tarix bir neçə ay öncədən bəllidirsə, son anı gözləmədən otel, bilet və tur paketlərini öncədən rezervasiya et. Böyük otellər və tur operatorlar adətən erkən rezervasiya edənlər üçün böyük endirimlər edirlər. Təyyarə və qatar biletlərini də 30-50% daha ucuz əldə edə bilərsən.
Yaşayış yeri seçiminə gəldikdə isə, nəzərində olsun ki, gözəl və ucuz olan kiçik otellərdə otaqlar mövsüm başlamazdan əvvəl satılıb bitir.
Bütün yığdığın pulları tətildən 6 ay əvvəl xərcləmək vacib deyil. Otellərin əksəriyyəti rezervasiyanın zəmanəti olaraq kartının nömrəsini götürür, lakin pulunu dərhal çıxmır. Rezervasiyanı cərimə ödəmədən ləğv etmək imkanı verən kifayət qədər otel var. Amma ən yaxşısı rezervasiyanı əlavə ödəniş etmədən ləğv edilməsinin son tarixini öyrənməkdir. Düzdür, rezervasiyanı ləğv etmək imkanı olmayan variantlar adətən daha ucuz olur. Buna görə də, bütün müsbət və mənfi cəhətləri əvvəlcədən qiymətləndirmək daha məqsədəuyğundur.
Seçdiyin otelin rəsmi saytında və müxtəlif bron sistemlərində göstərilən qiymətləri müqayisə et. Tur operatorların təkliflərini araşdır. Bəzi tur operatorlarına mehmanxanalar tərəfindən paket endirimləri təqdim olunur ki, bu da eyni otaq üçün ayrı-ayrı tur operatorların təklif etdiyi qiymətlərdə fərq yaradır. Aviaşirkətlərin saytlarında və müxtəlif operatorların təklif etdiyi aviabiletlərin qiymətini müqayisə etmək də yaxşı olar. Lakin biletlərin qiymətinə digər yollarla da qənaət edə bilərsən.
Bəzi banklar təyyarə biletləri üçün mil yığmaq imkanını verən kartlar buraxır. Lakin bu milləri bank seçimindən asılı olaraq müvafiq avia şirkətlərdən əldə etmək olar.
Böyük tur operatorlar çox vaxt taksit planlarını da təklif edirlər: rezervasiya etdiyində turun qiymətinin yarısını ödəyib, digər hissəsini isə səyahətdən iki həftə və ya bir ay öncə ödəyə bilərsən. Adətən bu halda tur paketinin qiyməti sabit olaraq qalır, valyuta məzənnəsi dəyişsə belə.